seirler.info
Qayıtmışam mən
(Elvin Elxanoğlu)
İllərlə gözlərim yol çəkib mənim,
Doğma el-obamı özləmişəm mən.
Çox şükür, İlahi, sənə min şükür,
Bu günü həsrətlə gözləmişəm mən.
Ən gözəl çağlarım burda keçibdi,
Bir-bir yada düşür xatirələrim.
Hər küçə, hər döngə doğmadı mənə,
Gözümdə canlanır köhnə günlərim.
Hardadı qohumlar, qonum-qonşular?
Ay ellər eşidin – Biz qayıtmışıq.
Daha heç kim bizə qaçqın deməsin,
Bu gün qaçqınlığın daşın atmışıq.
Demə ki, pis günün ömrü az olar,
Çoxları bu günü görə bilmədi.
Bu yolda can qoydu igid oğullar,
Xoşluqla torpağı düşmən vermədi.
Müqəddəsdi dağın, daşın, hər qayan,
Qartallar başına dolanır sənin.
Bu səfalı yerdən doymaq olarmı?
Qoy bağrı çatlasın mənfur düşmənin.
İllərin həsrəti bitdi sonunda,
Bu gün öz evimə qayıtmışam mən.
Burda doğmalarım, keçmişim yatır,
Sanki o çağlara qayıtmışam mən
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri