logo

seirler.info

Şam və pərvanə

    Gecələr hal əhli xatircəm olar,
    Pərvanə məbədi yanar şəm olar.
    Yadıma gəlir ki, gənclik çağında
    Bir gecə başıma vurmuşdu sevda.
    Sanki yatağıma tökdülər tikan,
    Qaçdı gözlərimdən yuxu əzabdan.
    Düşündüm: İndi ki, yatmayır gözüm,
    Qoy sazla deyilsin hər ürək sözüm!
    Şam ürək oduna alışdı, yandı,
    Qaranlıq mənzilim nura boyandı.
    Elə ki şam güldü sarı gül kimi,
    Həyəcanlı bir kölgə gəzdi evimi.
    Kiçik bir qaraltı göründü birdən,
    Önümdə oynadı, gizləndi hərdən.
    Sanki bir aşiqdi miskin, avara,
    Başını hey döydü daşa, divara.
    Kölgəylə qaraltı verdi baş-başa,
    Havada ayrıldı, gah gəzdi qoşa.
    Leyli qəbri kimi daxmam məhzundur,
    Sərgərdan o kölgə sanki Məcnundur.
    Salır pərdələrdən evə sayə qəm,
    Xəyal fanusunu xatırladır şəm.
    Bu mənim pərişan ruhumdur məgər,
    Bədən zindanından qaçmaq istəyər?
    Bəlkə xəyalını göndəribdir yar,
    Bu yazıq aşiqin könlünü alar?
    Açdım ağuşumu, yıxıldım sərxoş,
    Gözümü açaraq gördüm əlim boş.
    Gördüm pərvanədir o kölgə, gəzər,
    Görüb cananını, canını üzər.
    Canan eşqi ilə hey qanad çalar,
    Qarşısında istər can etsin nisar.
    Suçundan keçmədim əvvəl qibtədən
    Ki, o vəslə çatmış, hicrandayam mən.
    Lakin əhvalına edincə diqqət,
    Gördüm əldən salıb onu məhəbbət.
    Aşiqin qisməti qəmdir, məlaldır,
    Vüsal aşiq üçün bir xam xəyaldır.
    Eşq elə dərddir ki, tapılmaz dərman,
    Dərmanı yandıran bir dərddən, aman!
    Vüsal atəşini yandıranda eşq,
    Aşiqi yandırar bircə anda esq!
    Vəslə çatan aşiq görməmişəm mən,
    Aman bu uğursuz eşqin əlindən!
    Mənim yarım kimi qürurludur şəm,
    Büllur bir örtünün dalından hər dəm
    Nazla, rişxənd ilə dodağı qaçır,
    Yazıq pərvanəyə iti dil açır.
    Deyir: səbatsızsan, məndən uzaqlaş,
    Yol tap, bu meydandan çıx yavaş-yavaş!
    Yanmaq hər yetənin gəlməz əlindən,
    Eşqə könül verər canından keçən.
    Aşiqi yandırıb-yaxan dərd gərək,
    O dərd səndə yoxdur, eşqdən əl cək!
    Qızıl tək qızarmaq, bu, yanmaq deyil,
    Yanan - eşq oduna kül olmalı, kül!
    Başım sevdalıdır, mən gərək yanam,
    Taleyim belədir, gərək odlanam!
    Əriyib mən kimi yanmasan əgər,
    Eşqimə düşməyin hədərdir, hədər.
    Aşiqi yandırmaq deyildir əbəs,
    Aləmə bununla sevgi salır səs.
    Yetirdi aşiqi tənələr cana,
    Yanaraq söylədi: "Ey şəm, dayan a...
    O kəsik başınla nə dil açmısan?
    Yazıq pərvanədir canını yaxan!
    Qoy dinsin ki, aşiq yaxılır oda,
    Sənin nəyin var ki, edəsən fəda?!
    Şamın ki, cismində candan yox əsər,
    Yanıb kül olması sayılmaz hünər.
    Aşiq yar yolunda keçərsə candan,
    Özündən bir kəlmə danışmaz, inan!
    Bir şam yansa belə, gecə yanacaq,
    Onu da yandıran insandır ancaq!
    Od tutub alışmaz şam öz-özündən,
    Şamın yanmasına yanmayıram mən.
    Ey şam, ayaqlama haqqı bu qədər,
    Sən qəbrə könüllü gedirsən məgər?
    Şamın odu sönər səhər açılcaq,
    Bizim odumuzdur əbədi, ancaq!
    Əzəl camalından eşqimiz doğar,
    Onda əbədiyyət şöləsi parlar.
    Səndə bir qığılcım var o şölədən,
    Odur ki, vəslinə can atıram mən.
    Əzəl şamı harda yansa, durmadan,
    Onun şöləsində yandıraram can.
    Dost istər şam olsun, istərsə lalə,
    Gözümdə bir aydır, mən ona halə.
    Şam olsa, başının pərvanəsiyəm,
    Gül olsa, bülbüli-divanəsiyəm.
    Mənim ürəyimdə eşq odur yanar,
    Səninsə palçıqda, suda yerin var.
    Sənin odun sudur, palçıqdır ancaq!
    Bizim peşəmizdir od içrə yanmaq.
    Sizin tacınızda yanan od deyil,
    Hər axşam açırsan yeni bir oyun,
    Qarışır bir-birə torpağın, suyun.
    Yaxıram canımı sənin şölənə,
    Zənn etmə yanıram, yaxşı bax mənə!
    Oduna yaxdığım ancaq bədəndir,
    Canım yaxılmayır, o, şölədəndir,
    Bizdə can da qalır, atəş də qalır,
    Sevən könlümüzdə atəş də qalır,
    Həqiqi pərvanə candır, hər zaman
    Gəzər, haq şamını axtarar, baxsan.
    Əslində pərvanə, şam onlardır,
    Biz heçik, onların mənası vardır.
    Can ki, pərvanətək başa dolanır,
    Həqiqət şamını taparaq yanır.
    Şamın vüsalına pərvanə çatcaq,
    Yanmaqla əbədi həyat tapacaq.
    Gizli də, aşkar da çıxar pərdədən,
    Orada olanlar birdir, görərsən."
    Şamın gözlərindən elə yaş axdı,
    Yüksələn şöləsi göylərə qalxdı,
    Fanusdan yüksəldi şölə aləmi,
    Çataraq qucudu pərvanə şəmi.
    Azca tüstü gəzdi havada bir an,
    Oddan, pərvanədən qalmadı nişan.