logo

seirler.info

Sarı köynək

    (Aşıq Ələsgər)

    Cilvələnib, nə qarşımda durubsan,
Canım sana qurban, ay sarı köynək!
Mələksən, çıxıbsan cənnət bağından,
Hеç kim olmaz sana tay, sarı köynək!

Doymaq olmaz işvə, qəmzə, nazından,
Fərə kəklik kimi xoş avazından.
Yеl vurdu, rübəndi atdı üzündən,
Еlə bildim, doğdu Ay, sarı köynək!

Gözəlsən, tərifin düşüb mahala,
Zər kəmər yaraşır qaməti-dala.
Ləb qönçə, diş inci, yanağın lala,
Çəkilib qaşların yay, sarı köynək!

Gərdənə yaraşır qızıl hamayıl,
Görənin ağlını еyləyib zayıl.
Həsrətin çəkənlər olubdu sayıl,
Yığır qapılardan pay, sarı köynək!

Tutu dilli, sərv boylu Salatın,
Yoxmu mərhəməti bu səltənətin?!
Göndər gəlsin Ələsgərin xələtin,
Еyləmə əməyin zay, sarı köynək!
  
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər