seirler.info
Sən niyə dəyişdin
(Nüsrət Kəsəmənli)
Sən niyə dəyişdin, yaz buludutək?
Yumaz günahını bir dəniz sənin.
Sən indi ləçəyi tökülmüş çiçək;
Beləmi böyütdü kəndimiz səni?!
Söylə, kim qalıb ki, eşq ummayasan?
Qoy deyim.
Özün də, bil ki, nəçisən:
Ömründə bir qəzet oxumamısan,
Moda jurnalına abunəçisən!
Bir qəlbin üstünü duman, çən aldı,
Boyalar üzünə yaxıldığı gün.
Ülvi məhəbbətin ömrü qısaldı,
Donunun ələyi qısaldığı gün!
Demə ki, bəxtimin günəşi söndü,
Demə ki, pis gözün girinə düşdük.
Kəsdiyin hörüklər cüt yola döndü,
Hərəmiz bu yolun birinə düşdük.
Sən məndə acı bir xatirə qoydun,
Səni xatirədə tapam, sığınam!
Ayrılıq çətindir...
Bəs necə qıydın
Çatılmış qaşların ayrılığına?!
De necə baxırsan sən gülə-gülə?
Ruhumu yenə bir hicran oxudur.
Boyadın gözünü qara xətt ilə
Sandım ilk eşqimin nekroloqudur!
Omrümün qırılmış budağındakı
Məhəbbət adlanan son yarpaqmısan?
Boya yox!
Qanımdır dodağımdakı
Sən mənim qəlbimi parçalamısan.
Duyğular əlində bölündü iki,
Bilməzdim ömrümə sərt ayaz səni.
Elə dəyişibsən görkəmini ki,
İndi heç anan da tanımaz səni!
Demə ki, bəxtimin günəşi söndü,
Demə ki, pis gözün girinə düşdük.
Kəsdiyin hörüklər cüt yola döndü,
Hərəmiz bu yolun birinə düşdük!
_____________________________________
Teqlər: Nüsrət Kəsəmənli şeirləri ,
Nusret Kesemenli , seirler
Nusret Kesemenli seirleri ,
sən niyə dəyişdin şeiri ,
sen niye deyisdin seiri ,
ayrılıq şeirləri , şeir
sevgi şeirləri , super şeir
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri