seirler.info
Səni düşünürəm səndən xəbərsiz
(Sevinc Azadlı)
Bəxtəvər başına, ömür-gününü
Yaşayıb gedirsən məndən xəbərsiz.
De, mənim kimimsən, nəyimsən axı,
Səni düşünürəm səndən xəbərsiz?!
Arzu eyləyirəm, xəyal qururam,
Yuxudan səninlə qoşa dururam,
Günümü səninlə başa vururam,
Şübhədən xəbərsiz, zənnən xəbərsiz.
Saçımı oxşayır əllərin hərdən,
Bax, o dayandığın o uzaq yerdən,
Qorxur ki, utanar bəyazım birdən,
Başıma ələnən dəndən xəbərsiz.
Qəlbə kotan salıb şum eyləmişəm,
Sevdama vər verib tum eyləmişəm,
Özümü yolunda mum eyləmişəm,
Əriyib bitmişəm şəmdən xəbərsiz.
Ruhumda başlayıb yarpaq tökümü
Hər gün itirirəm bir az çəkimi,
Durub başın üstə bir bulud kimi,
Sürünüb gedirəm çəndən xəbərsiz.
Bəxtəvər başına, ömür-gününü
Yaşayıb gedirsən məndən xəbərsiz.
De, mənim kimimsən, nəyimsən axı,
Səni düşünürəm səndən xəbərsiz...
21.08.2024
_______________________________________________
Teqlər: Sevinc Azadlı şeirləri
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri