seirler.info
Sənsiz keçən ömür...
(Elvin Elxanoğlu)
Səni unutmağı asan bilirsən?
Mən səni unuda bilmirəm, gülüm.
Sən mənim ruhumu əsir almısan,
Səni unutmaqdan asandı ölüm.
Xəyalın getməyir gözüm önündən,
Hara baxıramsa, səni görürəm.
Sən məni elə bir dərdə salmısan,
Sənsiz hər gün zərrə-zərrə ölürəm.
Görən, bu sevginin günahı nəydi,
Yanlış zamandamı qarşılaşmışıq?
Yoxsa bizlərikmi günahkar olan,
Niyə ayrılığa razılaşmışıq?
Bu necə sevgidi, necə ayrılıq,
Bəlkə bir yuxudu, ayılırıq biz?
Sanırdıq zamanla unudacağıq,
Əksinə, daha çox darıxırıq biz.
Dedilər – Zamana burax hər şeyi,
Zaman unutdurur ayrılıqları.
Daha demədilər ayrılan andan
Zaman da dayanır, dönmür çarxları.
Sənsiz keçən ömür əzabdı, əzab,
Bu qədər əzabla gəl yaşa indi.
Bu yazıq ürəyin nə gücü var ki,
Sən boyda bir yükü daşıyır indi...
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri