seirler.info
Sevgi sətirləri
(Xəlil Rza Ulutürk)
Kainat günəşlə, yer üzü yazla
Ürəyim səninlə doludur, gülüm.
Axmısan ömrümə gülüşlə, nazla.
Gəl, uçaq şərikli qanadımızla,
Ən böyük sevinclə sevinim, gülüm.
Ürəyim səninlə doludur, gülüm!
Dənizdən çıxırsan...
ayağın qumlu,
Yaş bədən yapışıb yaş paltarına.
İzin ver göylərdən ensin mələklər,
Gəlib su töksünlər ayaqlarına.
Bəlkə susamısan
alıb Göygölü
Uzadım ovcumda dodaqlarına.
Uzun kirpiklərin kölgəliyində
İki od qaynağı –
oy yüyürüm mən,
Bu qaynar gözlərə sürmə gətirim
Təbrizin qaranlıq gecələrindən.
Kəpəzin, Qoşqarın dərim gülünü,
Səpim yollarına, qədəmlərinə.
Gəncənin Dərbəndin işıqlarını
Qoy düzüm boynuna zümrüd yerinə.
Sən bir ulu dağsan, mən dağ bulağı,
Bağrından süzülüb durulmuşam mən.
Öpüb oxşadığın körpələrinə,
Ana mehrinə də vurulmuşam mən.
Leylim,
Beatriçam,
Zöhrəm,
Cülyettam!
Bütün dastanlara ilkin yaraşıq!
Biz iki erada, altı qitədə
Ölümsüz eşq üçün adaxlanmışıq.
______________________________________________
Teqlər: Xəlil Rza Ulutürk şeirləri,
Xəlil Rza Ulutürk sevgi sətirləri,şeirlər,sevgi şeiri,
sevgi setirleri seiri xelil rza uluturk,seirler,sevgi şeirləri,
xəlil rza ulutürkün sevgi sətirləri
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri