seirler.info
Sevgidirmi görəsən
(Elvin Elxanoğlu)
Sevda İbrahimin eyniadlı şeirindən təsirlənərək…
Bəzən gecələri yata bilmirsən,
İçində rahatlıq tapa bilmirsən.
Ağlından çıxarıb ata bilmirsən,
Bunun adı sevgidirmi, görəsən?
Ürək qanad açıb uçaqcaq sanki,
Ruhum bədənimdən çıxacaq sanki.
Onsuz dünya zindan olacaq sanki,
Bunun adı sevgidirmi, görəsən?
Bir tək teli belə əzizdi sənə,
Gözləri ümmandı, dənizdi sənə.
Hər sözü qəlbində bir izdi sənə,
Bunun adı sevgidirmi, görəsən?
Duyarsan qəlbinin titrəməsini,
Heç vaxt istəməzsən inciməsini.
Kor edər, görməzsən bir qeyrisini,
Bunun adı sevgidirmi, görəsən?
Sanki sən onunla nəfəs alırsan,
Bircə gün görməsən, çox darıxırsan.
Onsuz bu dünyada yarım qalırsan,
Bunun adı sevgidirmi, görəsən?
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri