logo

seirler.info

Sevgi

    (Zəlimxan Yaqub)
    
    Bu millətə neçə-neçə
    kitab verdim, dürlü kitab,
    O yazılan kitablara
    bu millətdən gəldi cavab.

    Əlli ildir ürəklərin
    şeirindəsən, sözündəsən,
    Bulaq kimi göz açmısan,
    bulaqların gözündəsən. 

    Səni sevir ilham ilə
    vəsf etdiyin dağ da, daş da,
    Bal daşıyan saf arı da,
    ağ bulud da, uçan quş da.

    Səni sevir zaman, tarix,
    dörd fəsil də, il də, ay da,
    Əsən yel də, axan su da,
    göy bulaq da, dəli çay da.

    Səni sevir yaşıl yamac,
    qızıl üfüq, göy çəmən də,
    Qara şum da, saf toxum da,
    nəm torpağa düşən dən də.

    Nə eşitməz, nə də görməz
    göz bağlısa, qulaq karsa,
    sevgi yoxdur, ürək darsa.
    Səni sevir təbiətin
    yaratdığı hər nə varsa,
    Sevir doğma balasıtək
    yer də səni, göy də səni.
    Səsi bilir, ünü bilir
    saz da səni, ney də səni.

    Sevir sənin düşüncəni
    düşüncəsi, ağlı kimi,
    Sevir səni bu məmləkət
    qızı kimi, oğlu kimi.

    Sevir səni görən gözü,
    vuran qəlbi, yazan əli,
    Sevir səni insanların
    ən təmizi, ən gözəli.

    Çox arzular qalır hələ,
    açılacaq çiçək-çiçək,
    Sevməyənlər qoy sevməsin,
    sevilənlər seviləcək.



    ______________________________________________
    Teqlər: Zəlimxan Yaqub şeirləri, 
    Zəlimxan Yaqub sevgi şeiri,sevgi seiri,
    sevgi seiri zelimxan yaqub,seir,seirler,
    zelimxan yaqub seirleri,şeirlər,şeir
  
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər