seirler.info
Sevgi məzarlığı
(Elvin Elxanoğlu)
Köhnə bir albom tapıb
Götürüb varaqladım.
Bağışlasın gözlərim,
İstəmədən ağladım...
Yada düşdü o günlər,
Yada düşdü o anlar -
Sevgimin ölmədiyi,
Yaşadığı zamanlar...
Yaman üşüyən idi,
Tutardım əllərindən.
Sevginin qoxusunu
Duyardım tellərindən...
Gözləri günəşimdi,
İsidərdi qəlbimi.
Küləklər pıçıldardı
Ona olan sevgimi...
Ona gülüm demərəm,
Güllərdən də gözəldi.
Onun bircə baxışı
Min şeirdi, qəzəldi...
Xatirəsi hər zaman
Gözümün önündədi.
Onun yeri qəlbimin
Ən dərin yerindədi...
Gizlətmişəm mən onu
Kimsə görməsin deyə,
Kimsə bilmədən ona
Zərər verməsin deyə...
Onun xatirəsi də
Əzizdi mənə əziz.
Bir sevgi yaşasaq da,
Gətirmədi bəxtimiz...
Bizim qismətimizdə
Bir olmaq yazılmayıb.
Tanrı yazan yazını
Hələ pozan olmayıb...
İllər ötür beləcə,
Biz də yaşa doluruq.
Eşqdən yanıb kül olub
Küləklə sovruluruq...
Hərəmizi bir yana
Aparıb atıb külək.
O adi külək deyil,
Adı fələkdi, fələk...
Düşünürəm: “Zamanla
Unudacam səni mən”.
Axı tək mən deyiləm
Sevgidən ayrı düşən...
Dünyanın işinə bax,
Günəş çıxır, ay batır.
Sevgi məzarlığında
Minlərlə sevgi yatır...
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri