seirler.info
Sonra
(Elvin Elxanoğlu)
Çalış, bu həyatda yaxşılıq eylə,
Sənə o qalacaq öləndən sonra.
Yaşadığın günə hər an şükür et,
Gec olar bir bəla gələndən sonra.
Dostluqda möhkəm ol, dəyərini bil,
Dost ağlasa, ağla, o güləndə gül.
Yaxşı gün dostları, vallah, dost deyil,
Görərsən çətinə düşəndən sonra.
Verilən bu ömrü şərəfli yaşa,
Həmişə dayaq ol dosta, qardaşa.
Ömrü kişi kimi çalış vur başa,
Yaşama kişilik gedəndən sonra.
Atanı, ananı incitmə, aman,
Onlar müqəddəsdi hər an, hər zaman.
İncitsən, əmin ol, olarsan peşman,
Atasız, anasız qalandan sonra.
Sevgiyə xəyanət gətirər sonu,
Yola çıxmısansa, düz get yolunu.
Həmişə görginən yolun sonunu,
Gecdi uçuruma gələndən sonra.
Elvinəm, deyirəm – Dinləyin məni,
Heç vaxt danışmayın yalan kəlməni.
Yalan itirəcək sənə güvəni,
Hörmətsiz olarsan bax ondan sonra.
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri