seirler.info
Soruş
(Aytəkin Səfərəliyeva)
Ağlayaraq dərd yumağın
Ağrısını gözdən soruş
Sən yanaraq kül olmağı
Təzə sönən közdən soruş.
Duyğuların nadincini
Arzulardan birincini
Yeriməyin sevincini
Taqətsiz bir dizdən soruş.
Dərd yolunun hər tinini
Əzbərini, mətinini
Həyatın ən çətinini
Atasız bir qızdan soruş.
Öz qanında yuyulmağı
Vitrinlərə qoyulmağı
Diri - diri soyulmağı
Ən bahalı xəzdən soruş.
Doğruların qəlibini
Yanlışını, eyibini
Yulançının qalibini
Məğlub olan düzdən soruş.
Öz dünyana qısılmağı
Uzun dilin qısalmağı
Kəndirlənib, asılmağı
Düyünlənən sözdən soruş.
İnsanlığın qibləsini
Ucalığın zirvəsini
Doğmaların zərbəsini
Birdə gəlib bizdən soruş.
_______________________________________________
Teqlər: Aytəkin Səfərəliyeva şeirləri
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri