logo

seirler.info

Tək gerçək

    (Elvin Elxanoğlu)
    
    Dünyanın işindən baş açmaq olmur,
    Yarısı gündüzdü, yarısı gecə.
    Elə bilirsən ki, üzünə gülür,
    Sən demə, planlar qurur gizlicə.

    Bəzən acımasız olur bu dünya,
    Gözünün yaşına belə baxmayır.
    Artıq böyüdükcə başa düşürəm:
    Dünyaya göz açan niyə ağlayır.

    Uşaqkən deyirsən – Dünya sənindi,
    Bütün sevdiklərin yanında olur.
    İllər sonra həmin o sevdiklərin
    Keçmişdən şirin bir xatirə qalır.

    Hərdən darıxırsan, canın istəyir,
    Əlini uzadıb çata bilmirsən.
    Bəzən yatağına uzansan belə,
    O uzun gecəni yata bilmirsən.

    Kaş gerçək olardı bəzi nağıllar,
    Kaş işıqlı dünya zəfər çalardı.
    Sehrli lələyi yandıran kimi
    Ən böyük diləyin gerçək olardı.

    Dönərdim bir günlük uşaqlığıma,
    Babama, nənəmə baxıb gələrdim.
    Bütün ölənləri ziyarət edib
    Başdaşından öpüb çıxıb gələrdim.
  
    Bilirəm, nağıllar elə nağıldı,
    Bu da bu dünyanın bir oyunudu.
    Yaranmış gedəcək fani dünyadan,
    Bu yalan dünyada tək gerçək budu.
  
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər