seirler.info
Qəlbimdə məhəbbət közü etdikcə təzahür
Qəlbimdə məhəbbət közü etdikcə təzahür,¹
Dərrakəmə həkk oldu mənə yoxdu təhəzzür.²
Hicran qəmi aləmlərə nisbətdə böyükdür,
Neyçün,niyə təfsirinə acizdi təfəkkür.³
Sevdasına nankor olan əxlaqa rəqibdir,
Aşiq əsl aşiqdi ki yox onda təkəbbür.
Fərhadda da, Məcnunda da yoxdur belə sevda,
Eynən mənə manənd⁴ birin etmə təsəvvür.
İncitmə dəmadəm, məni incitmə sərasər,
Nolar məni-aşiq ola vəslində təsəddür⁵.
Ümmidimi boğdum məni zülfində et edam,
Çün təhlükəli caniyə lazımdı təsəttür⁶.
İmanə vəfa qılmadın aləmdə, yıxıldı
Yıxdın qocaman şairi axırda, təşəkkür.
_____________
¹üzə çıxma
²azad olma
³fikir
⁴oxşar
⁵qabağcıl
⁶gizlənmə
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri