seirler.info
Toy
(Ramiz Rövşən)
Sən getdiyin yolu azıb,
başqa yola çıxmısan.
Hara gedirdin, qadası,
gəlib hara çıxmısan?
Bu nə toydu, atam oğlu?
Bir ölən eşqin yası...
Sən sevən qız başqasıydı,
sən alan qız başqası.
Bu səs-küylü toy axşamı
qardaş-bacın oynayır.
Səndən başqa burda hamı
əl-qol açıb oynayır.
Əllərə bax, bu əllərə;
yellənir qanad kimi.
Müğənni də qalxıb zilə,
şahə qalxan at kimi.
Yox!.. Bu toyun səndən ötrü
bir damcı sevinci yox.
Oturmağa gücün çatmır,
qaçmağa da gücün yox.
Rəhmin gəlir yanındakı
bu yad qıza, şad qıza.
Ağ gəlinlik donundakı
bu yazıq, xoşbəxt qıza.
Bu qız sənə yadsa əgər,
yüz yol öp, nə xeyri var?
Sənə doğma olacaqmı
o doğduğu balalar?!.
... Bəlkə tale görüşdürüb,
rast salıb fələk sizi.
İkinizə bəs eləyər
tək bu qızın sevgisi.
O sevgiylə qızınarsan
ən soyuq havalarda.
O sevginin işığında
böyüyər balalar da.
Dur, bu qızla oyna görüm
ömrün bu xoş anında.
Kim bədbəxt olar, kim, -
bu cür xoşbəxt qızın yanında?!
_____________________________________
Teqlər: Ramiz Rövşən şeirləri,
Ramiz Rövşən , şeirlər ,
Ramiz Rovsen seirleri ,
toy şeiri , super şeirlər ,
toy seiri , ayrılıq şeirləri ,
Ramiz Rövşən toy şeiri, şeir ,
toy , seirler, sevgi şeirləri
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri