logo

seirler.info

Gəl unudaq bu sevgini

    (Elvin Elxanoğlu)
    
    Olan oldu, keçdi daha,
    Gəl unudaq bu sevgini.
    Qovuşmarıq, gecdi daha,
    Gəl unudaq bu sevgini.

    Ayrılmışıq, bir deyilik,
    Hamı bilir, sirr deyilik.
    Tək ayrılan biz deyilik,
    Gəl unudaq bu sevgini.

    Bu eşq bizi yandıracaq,
    Ayrı qalmaq sındıracaq.
    Həsrət bizi solduracaq,
    Gəl unudaq bu sevgini.

    Qəlbimiz nisgil olacaq,
    Bir günümüz il olacaq.
    Göz yaşımız sel olacaq,
    Gəl unudaq bu sevgini.

    Qatar gedib, çatanmarıq,
    Gecələri yatanmarıq.
    Günü günə satammarıq,
    Gəl unudaq bu sevgini.

    Dünya fani, həyat zalım,
    Vallah, yaxşı deyil halım.
    İncimə ki, qadan alım,
    Gəl unudaq bu sevgini.
  
    Göz yaşlarımızı silək,
    Xatırlasaq, gülümsəyək.
    Bu sevgini yuxu bilək,
    Gəl unudaq bu sevgini.

    Sənə başqa söz demirəm,
    Nəsə umub gözləmirəm.
    Başqa bir şey istəmirəm,
    Gəl unudaq bu sevgini.

    Qəlb evimiz talanmadan,
    Bu həyatdan usanmadan,
    Məzarımız sulanmadan
    Gəl unudaq bu sevgini.
    
    Elxanoğlu deyir düzü,
    Gəl unut verdiyin sözü.
    Ay qəlbimin döyüntüsü,
    Gəl unudaq bu sevgini.
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər