logo

seirler.info

Vəfasız dünya

    (Elvin Elxanoğlu)
    
    Çox fikir eyləmə, tez qocalarsan,
    Bu dünya çoxunu yola salıbdı.
    Dünyaya ağalıq edən çox olub,
    Hansı bu dünyanı tutub qalıbdı?

    Heç kimin qəlbini gəlin qırmayın,
    Yerə yıxılanı siz də vurmayın.
    Namərdin önündə boyun burmayın,
    Bir də görərsiz ki, sizi satıbdı.

    Hərə xoşbəxtliyi bir şeydə görür,
    Kimisi ağlayır, kimisi gülür.
    Əlində olana etginən şükür,
    Çoxu onlara da həsrət qalıbdı.

    Gedin sevginizdə sonuna qədər,
    Çalışın, sevginiz olmasın hədər.
    Etmə vəfasızlıq, yoxsa bir səhər
    Görərsən onu da özgə alıbdı.

    Qədrini bilginən ata-ananın,
    Sağkən qulluğunda möhkəm dayanın.
    Bir zaman sağ olan nənə-babamın
    Məzarı üstündə daş dayanıbdı.

    Aldanma heç zaman vara-dövlətə,
    Çoxunu salıbdı bil ki, zülmətə.
    Hər nə istəyirsən, Allahdan istə,
    Allahdan başqası yalan olubdu.

    Ömür çox qısadı, mənalı yaşa,
    Həmişə dayaq ol dosta, qardaşa.
    Göz açıb yumunca görəcəksən ki,
    Qocalıq səni də tora salıbdı.
    
    Dünyadan özünlə yaxşılıq apar,
    Nə etsən, dolanıb qarşına çıxar.
    Elvin, yaşayırsan çiçəkli bahar,
    Unutma, qarşıda qış dayanıbdı. 
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər