seirler.info
Həzrət Süleymanın xalçası kimi
(Zəlimxan Yaqub)
Xanım qız, xanım qız, toxucum sən ol,
Mənə xalı toxu, əlvan bir xalı.
Gəlindən ismətli, qızdan həyalı,
Ətri, təravəti çiçəkdən olsun.
Bütün keçidləri, döndərmələri,
Bütün ilmələri ürəkdən olsun.
Əlvan bir dünyaya döndər rəngini,
Ərişi, ağacı ipəkdən olsun.
Gözəl qız, gözəl qız, toxucum sən ol,
Deyim, nəyi göstər, deyim, nə göstər.
Sənə desələr ki, gözəllik nədir,
Göygöldən, Kəpəzdən nişanə göstər.
Sənin toxuduğun yaşıl xalıda,
Görünsün torpağın bütün rəngləri.
Nurlu gözümüzə versin işığı,
Çiçək topaları, gül çələngləri.
Xanım qız, xanım qız, toxucum sən ol,
Sənin hər çeşnində, hər çeşidində,
Təbiət görünsün, çəmən görünsün.
Bütün anaların ana torpağı,
Bir də müqəddəsim Vətən görünsün!
Sənin toxuduğun yaşıl xalıda,
Üfüqdən-üfüqə süzmək istərəm.
Həzrət Süleymanın xalçası kimi,
O xalça üstündə gəzmək istərəm.
______________________________________________
Teqlər: Zəlimxan Yaqub şeirləri,
Zəlimxan Yaqub xalça şeiri,şeir,
xalca seiri zelimxan yaqub,seir,
zelimxan yaqub seirleri,şeirlər,
Həzrət Süleymanın xalçası kimi
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri