logo

seirler.info

Xəyalın

    (Elvin Elxanoğlu)
    
    Yenə yuxularım ərşə çəkilib,
    Yenə də qarşımda durub xəyalın.
    Nə olub, deyəsən xəstələnmisən?
    Saralıb solubdu o gül camalın.

    Ayrılıq yelləri üşüdüb səni?
    Gözlərin yaşarır, nədən qəmlisən?
    Ay zalım, saata bax gör neçədi?
    Gecənin bu vaxtı niyə gəlmisən?

    Daha sən sevdiyin adam deyiləm,
    Daha ayrılmışıq, yadına salım.
    Çıx, get xəyalımdan, vallah, yorğunam,
    İmkan ver, bir az da yuxuya dalım.

    Daha sənsizliyə alışmalıyam,
    Biz bir-birimizi unutmalıyıq.
    Qismət belə imiş, barışmalıyam,
    Vaxtdı, özümüzə qayıtmalıyıq.

    Bilirəm, gizlicə çıxıb gəlmisən,
    Elə də qayıt, get, heç kim bilməsin.
    Gəl biz razılaşaq, bu gündən sonra
    Kimsə sevdiyinə əzab verməsin.

    Daha düşüncəmi məşğul eyləmə,
    İncidirsən məni dəcəlliyinlə.
    Eybi yox, yuxuma gəlib gedərsən
    Səni ilk gördüyüm gözəlliyinlə.
  
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər