seirler.info
Yoxdu
(Asim Yadigar)
Bütün əzizlərimin əziz xatirəsinə
Bir vaxt necə bəxtəvərdim,
Xoşbəxtlikdə tayım yoxdu...
Ata, ana, qardaş sağdı...
...Ta onlarlı ayım yoxdu.
İpəkdi ana ürəyi,
Oğul, qız idi gərəyi,
Sandığında gizlətdiyi
Əziz, şirin payım yoxdu...
Dərd sinədə düyün-düyün,
Hər şeyə son qoydu ölüm...
Qabağına yüyürdüyüm,
Əmim, qoşa dayım yoxdu...
Nə küsdük, nə də incidik,
Yer biləndi böyük, kiçik...
Üç bacı, üç qardaş idik,
Kəsirdi...tam sayım yoxdu...
Ata, ana, əmi getdi,
Xala, dayı, bibi getdi,
Biçildi bir zəmi getdi,
Qardaşsız il, ayım... yoxdu...
Köçüb neçə dost-tanışım,
Eh... nə qaldı... nə danışım.
Dünyayla küsüm, barışım?
Yaşamağa hayım yoxdu...
______________________________________________
Teqlər: Asim Yadigar şeirləri
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri